Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu
Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu, Oldu, bu sərrafı gör, bir ləli-sirab oğrusu.
Bağbandır baği-rüxsarında zülfün, ey pəri, Dil dilər ləli-ləbin, bu tifl innab oğrusu.
Ta səhər çeşmin xəyalilə könül bidardır, Oldu ol sahir bizim bimardən xab oğrusu.
Aldı pinhani dəhanın hər nə kim, var idi yox, Açmaq olmaz sirrini, müşküldü əhbab oğrusu.
Xət gəlib rüxsarüvə, aldı əlimdən könlümü, Bu siyəh əyyarı gör kim, oldu məhtab oğrusu.
Fal açıb rüxsarüvə zülfün qaraçilər kimi, Qarət etdi könlümü dəhrin bu qüllab oğrusu.
Qaşları taqində xalı aldı könlüm, Seyyida, Oldu hər bir oğrudan bədtər bu mehrab oğrusu.