Əsas məzmuna keç

Qəzəl

Ləbini açsa o gül məhfilə şəkkər tökülür

Seyid Əzim Şirvani

1

Ləbini açsa o gül məhfilə şəkkər tökülür, Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.

Nəkhəti-ənbəri-sara bürüyər afaqı, Hər zaman kim, üzüvə zülfi-müənbər tökülür.

Surətin əksi əgər düşsə, sənin, ayinəyə, Həşrədək ayinədən laleyi-əhmər tökülür.

Eyləsəm arizi-zibasına bir oğru nigah, Qəmzəsindən o bütün üstümə xəncər tökülür.

Bu gecə içmisən, ey lalərüx, ol qədr şərab, Məstü məxmur gözündən meyi-Xüllər tökülür.

Vermisən dil gecə sən hansı ləbi-mərcanə, Seyyida, şeri-tərindən dürü gövhər tökülür.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.