Əsas məzmuna keç

Qəzəl

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər

İmadəddin Nəsimi

1

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər, Gərçi uçmaq hurusu cümlə ana can dedilər.

Səni bu hüsni-camal ilə, bu lütf ilə görən, Qorxdular həq deməgə, döndülər insan dedilər.

Surətin vəsfini sordum isə hər taifədən, Mə’ninin güzgüsünü surəti-rəhman dedilər.

Sunbülün halı pərişan, dedilər, hal əhli, Allah-Allah, nə üçün, mişkə pərişan dedilər?

Bir qılın qiymətini hər kimə sordumsa, ana Gənci-Qarun ilə min mülki-Süleyman dedilər.

Düşmənin adını aşiqlərə sordum ki, nədir, Eşidən cümlə nə kafər, nə müsəlman dedilər.

Şək degil kim, üzünü görməmiş anlar ki, səni Huriyə bənzədübən Yusifi-Kən’an dedilər.

Ləblərin vəslinə irmək mana müşkül görünür, Gərçi sordular anı, dil ilə asan dedilər.

Ağzın əsrarına əndişə qaçan vaqif ola Ki, üqul əhli ana nükteyi-pünhan dedilər.

Ey Nəsimi, dəmi-Isa degil isə nəfəsin, Nəfəsi doğrular ana nə üçün can dedilər?

Lüğət: Uçmaq – Cənnət; Gənc – Xəzinə; Dil – Ürək; Əndişə – Fikir

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.