Ləbinə əhli-nəzər can dedilər, gerçək imiş
Ləbinə əhli-nəzər can dedilər, gerçək imiş Ağzına nöqteyi-pünhan dedilər, gerçək imiş.
Lə’lini xəttin ilə sormuşam ərvaha, anı Xızrilə çeşməyi-heyvan dedilər, gerçək imiş.
Adəmin surətinə vəcdə qılanlar ki, səni Gördülər, surəti-rəhman dedilər, gerçək imiş.
Dedilər qamətinə sidrə kamal əhli, vəli Xalq anı sandı ki, yalan dedilər, gerçək imiş.
Surətin münkirinə elmlə iman əhli, Ana kim, div ilə şeytan dedilər, gerçək imiş.
Cənnət əhli ki, üzün bağına, ey cənnətü hur, Rövzeyi-xüld ilə rizvan dedilər, gerçək imiş.
Qələmin sirrini həqdən bilən ol tayifə kim, Ənbərin zülfünə heyran dedilər, gerçək imiş.
Mö’cüzat əhli ki, yazın görücək surətinə Lövhi-məhfuz ilə Qur’an dedilər, gerçək imiş.
Ey Nəsimi ki, nəzər əhli vücudun evinə Laməkan gəncinə viran dedilər, gerçək imiş.
Lüğət: Ərvah – Ruhlar; Çeşməyi – heyvan – Dirilik bulağı; Sidrə – Lotos; Xüld – Əbədiyyət, ölməzlik; Rizvan – Cənnət; Laməkan – Məkansız