Əsas məzmuna keç

Qəzəl

Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən?

İmadəddin Nəsimi

1

Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən? Uşbu süfati-hüsnilə cani-cahanmısan, nəsən?

Ərşilə fərşü kafü nun səndədir, ey mələk, bu gün, Kimsə bu sirrə irmədi, şərhü bəyanmısan, nəsən?

Kövnü məkana baxmazam, çün səni buldum, ey sənəm, Iki cahan içində sən kövnü məkanmısan, nəsən?

Musa kimi didarını gördü əzəldə gözlərim, Yaxma məni bu narə gəl, şəm’i-zəbanmısan, nəsən?

Dəhri-zaman içində heç bulmadı kimsə bir dəxi Sənciləyin, bu lütf ilə dəhri-zamanmısan, nəsən?

Səndə bulundu, gövhərin mə’dəni sənsən, ey sənəm, Uşbu cahan içində sən gənci-nihanmısan, nəsən?

Qaşların ilə kirpigin qəsd edər üştə canıma, Bağrımı dəldi navəkin, tirü kamanmısan, nəsən?

Boyunu tubaya sənin nisbət edən nə dil ola, Uşbu qərar ilə əcəb, sərvi-rəvanmısan, nəsən?

Düşdü Nəsimi eşqinə, sayruvü xəstə neyləsin, Kəndi həyatı kəndidən cismi-rəvanmısan, nəsən?

Lüğət: Didar – Görüş; Dəni – Alçaq; Gənc – Xəzinə; Navək – Ox ucu; Dil – Ürək

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.