Əsas məzmuna keç

Qəzəl

Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?

Məhəmməd Füzuli

1

Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi? Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi?

Yetirdi başini gərdun əyağə bari-möhnətdən, Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?

Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət, Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?

Yetər oldu qulağə bangi-rehlət dəhr bağından, Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi?

Yetər, cəm’ eylə bari-mə’siyət, təğyiri-ətvar et, Həya qıl, yoxmudur insafın, ol kim var, yetməzmi?

Hidayət mənzilinə yetdilər sə’yilə əqranın, Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?

Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür, Tutan damani-şər’i-Əhmədi-Müxtar yetməzmi?

Lüğət: Gərd – toz; Bang – səs, haray; Təğyir – döndərmək, dəyişmək; Ətvar – tövrlər, hallar. F; Əqran – yaxın adamlar, tay-tuşlar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.