Könül xaki-rəhinlə birləşib, kuyin məkan etmiş
Könül xaki-rəhinlə birləşib, kuyin məkan etmiş, Iki üftadəni bu hal necə gör mehriban etmiş.
Deyil kirpiklərimdə görsənərlər qanlı göz yaşı, Bu sinəmdən çıxan oddur, gözümdə aşiyan etmiş.
Mənim tək çoxları mey içdilər bəzmi-məhəbbətdə, Kədərdəndir məni mey böylə rüsvayi-cahan etmiş.
Başımdan şam kimi tüstü çıxıb, qəlbim alovlandı, Sənin dərdin könüldə hər nə sirrim var əyan etmiş.
Səbanın damənin tutdu o gül, bizdən uzaqlaşdı, Səri-kuyin həvasilə o tərki-gülüstan etmiş.
Mənim dövrümdə Fərhada görünmüş eşq çox müşkül, Atıb eşqi, gücün bir başqa işdə imtahan etmiş.
Füzuli bir saman tək torpağa düşmüşdü yollarda, Onu lütfün nəsimi qaldırıb, təbin rəvan etmiş.