Könül qanın gözümdən navüki-qəmzən rəvan eylər
Könül qanın gözümdən navüki-qəmzən rəvan eylər, Məsəldir mərdüm içrə məst olan, əlbəttə, qan eylər.
Xətadır, gər, desəm ol nərgisi-məstin xəta etməz, Yəqinimdir, əgər, qan etmiş olsa, qanə qan eylər.
Əgər, qaşü gözün xişm eyləsə, ey mahi-no bir dəm, Könüldə fitnələr peyda olur, hər dəm fəqan eylər.
Nəhani baxmağından iztirabi-könlüm əfzundur, Nə cadudur ki, hər dəm kəşf əsrari-nəhan eylər.
Uçub mürği-dilim, qonmuş səri-zülfi-pərişanə, Bəla sərmənzilində, gör, nə qafil aşiyan eylər?
Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı, Hərami xeylini kim böylə gəncə pasiban eylər?
Səba zülfün nəsimin gər, aparsa vadiyi-Çinə, Xütən səhrasını müşkin edib, ənbərfişan eylər.
Rəqibi görməsin bir nəşə, ya rəb, cami-işrətdən Ki, məndən bixəbər ol şuxi məstü sərgiran eylər.
Əgər, qəhr aləminə gəlmiş olsa ol məhi-təban, Nə etsə, canə minnət, çünki yari-mehriban eylər.
Deyirlər dərdi-eşqin adəm öldürməz, dürüstdür bu, Və lakin ömr eylər, mən kimi zarü Natəvan eylər.
Lüğət: Navük – süngü; Xişm – acıq, qəzəb; Əfzun – artıq-çox; Mürğ – quş; Xeyl – dəstə, kürüh; Pasiban – gözətçi; Müşkin – iyli, ətirli; Ənbərfişan – ətirsaçan; Sərgiran – sərxoş; Natəvan – qüvvəsiz, halsız, köməksiz