Əsas məzmuna keç

Qəzəl

Könül olubdu fərağında biqərar, ey dust

Seyid Əzim Şirvani

1

Könül olubdu fərağında biqərar, ey dust, Neçin məni elədin zarü dilfikar, ey dust!

Ümid əlim üzülüb daməni-visalından, Sənə bu növ degildim ümidvar, ey dust!

Binayi-taqətimi seyli-ğəm xərab etdi, Bu qədr gözlərimi etmə əşkbar, ey dust!

Visaldə neçə gün xoş keçirdi əyyamım, Həsəd apardı bizə çərxi-kəcmədar, ey dust!

Nə sən fəraqə səbəb olmusan, nə mən bais, Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!

Səni vəfalı bilib eşqinə könül verdim, Pəriliqalərə olmazmış etibar, ey dust!

Olar nə lütf idi, ey gülüzar, bu nə cəfa, Tərəhhüm et, məni öldürdü xar-xar, ey dust!

Səni qəsəm verirəm ol kərimi-zişənə, Bəyan qıl mənə könlündə hər nə var, ey dust!

Fəda olum sənə, Seyyid sənin qulamındır, Bu qədr zillətə etmə onu düçar, ey dust!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.