Könül bənd oldu yarın zülfünə, bir şanə şəklində
Könül bənd oldu yarın zülfünə, bir şanə şəklində, Dolandım mən o şəmin başına, pərvanə şəklində.
Piyalə gözlərindən bir elə məstü xərab oldum, Göründü gözümə aləm, hamı meyxanə şəklində.
Məni-zarı yaman bir halə saldı eşq sevdası Ki, düşdüm çöllərə Məcnun kim divanə şəklində.
Vəfasız olma ey gül, bülbülün guş eylə əfğanını, Nəvası bildirir eşqi, deyil əfsanə şəklində.
Dedim saqi gətir mey, novbahar əyyamı fürsətdir, Dolubdur badə ilə qönçələr, peymanə şəklində.
Döşəndim xaki-payi-yarə mən bir mur mislində, Görüncə xərməni-ruyində xali, danə şəklində.
Şəfai, olma sən ömründə bir dəm eşqdən xali, Görünmə aşinayə bivəfa, biganə şəklində.