Könül bağlandı ey məh, zülfüvə, divanədən bədtər
Könül bağlandı ey məh, zülfüvə, divanədən bədtər, Məni məst eylədi cami-ləbin, meyxanədən bədtər.
Dolandım başıva, bəlkə sönə bu atəşi eşqin, Camalın şəmi yandırdı məni, pərvanədən bədtər.
Rəqib-asa baxanda sancılan ol tər qızıl güllər, Gözümə xar olub, zülfündəki ol, şanədən bədtər.
Həqiqətpərvər ol, könlüm əgər əhli-məcaz olsan, Qalar dillərdə illərlə sözün, əfsanədən bədtər.
Könül mülkü xəyali-vəslilə abad olur daim, Qəmi-hicran ilə əlbət olur, viranədən bədtər.
Şəfai, xoş günündə aşinalıq göstərənlərdən, Yaman gündə görərsən çoxların, biganədən bədtər.