Könlüm ey mehparə səndən qeyri dildar istəməz
Könlüm ey mehparə səndən qeyri dildar istəməz, Özgə bir həmrazü həmdəm, özgə bir yar istəməz.
Tutsa dünyanı xumar gözlü gözəl gülçöhrələr, Baxmağa meyl eyləməz göz, vəsli-didar istəməz.
Mən o gül rüxsarüvün bir aşiqi-şeydasıyam, Qəmli könlüm bülbülü bir ayrı gülzar istəməz.
Bax, gözümdən qanlı yaşdır ki, axar seylab tək, Batmışam dəryadə, aydındır, bu inkar istəməz.
Uyma əyğarın sözünə, doğrudur eşqim mənim, Bu məhəbbət aləmin əlbətdə əğyar istəməz.
Candan əl çəkmək asandır, səndən əl çəkmək çətin Sənsiz ey abi-həyatım can özün var istəməz.
Vəsl dövründə Şəfai, vermə sən cananə can, Bir quru göz yaşını yari-vəfadar istəməz.