Əsas məzmuna keç

Qəzəl

Kimin ki, sən kimi bir yari-sərvqaməti var

Seyid Əzim Şirvani

1

Kimin ki, sən kimi bir yari-sərvqaməti var, Qədin fədası olum, gündə yüz qiyaməti var.

O vəqtdən ki, salıb başımı bəlayə könül, Qılır ki, şükr, onun haləti-səlaməti var.

Təvəhhüm etmə ki, tiğindən etiraz edirəm, Tökərsə qanımı, ey şux, canə minnəti var.

Zamani-hicrdə gah ağlayıb, gəhi gülürəm, Bu eşq aləminin özgə növ haləti var.

Dəvam qılmadı bir tişəyə səri-Fərhad, Onun təriqi-bəladə mənə nə nisbəti var?

Zəbani-hal qılır halımı özü təqrir, Dilim kəsilsə, bəyanə bunun nə hacəti var?

Həmişə kəsrəti-qəm kəsrət içrədir, Seyyid, Xoş ol ki, aləm ara kəsrət içrə vəhdəti var.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.