Əsas məzmuna keç

Qəzəl

Kim ki, istər özünü sərvəri-əyyam eləsin

Seyid Əzim Şirvani

1

Kim ki, istər özünü sərvəri-əyyam eləsin, Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.

Abi-Kövsərdə mənim hər nə nəsibim varsa, Döndərib rəbbim onu badeyi-gülfam eləsin.

Yar gəldi, hamı öz dərdinə məşğul oldu, Qalmadı kimsə ki, əhvalıma əncam eləsin.

Sən nə kutahsən, ey şami-visali-dilbər, Həq mənim ömrümü kəssin, sənə ənam eləsin.

Zülfü xəttin gətirir arizinə cananın, Kafər istər əcəba, kafəri islam eləsin?

Olsa nakamlığım gər o pərinin kamı, Dili-divanəmi həq dəhrdə nakam eləsin.

Seyyid ol zülfü rüxündən ki, hekayət söylər, İstəyir kim, günün ol vəch ilə axşam eləsin.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.