Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt
Kim ki, ağzın qönçeyi-xəndan güman eylər, qələt, Ləli-nabın çeşmeyi-heyvan güman eylər, qələt.
Hansı gündən vaqifi-əsrari-qeyb oldu həkim, Gər dəhanın nöqteyi-pinhan güman eylər, qələt.
Handa görmüş, ya eşitmiş bağbani-ruzigar, Kakilin gər sünbülü reyhan güman eylər, qələt.
Yusifi bir zərrə hüsnün qıldı məşhuri-cahan, El səni gər Yusifi-Kənan güman eylər, qələt.
Hər mərəzdə var təbibin şöhrəti, amma əgər Dərdi-eşqi qabili-dərman güman eylər, qələt.
Talibi-dünya olan dünyadə qalmaz müttəsil, Aləmi gər mülki-cavidan güman eylər, qələt.
Hiç söz yox şeyxi-şəhrin qüvveyi-təşxisinə, Seyyidi gər qabili-ürfan güman eylər, qələt.