Əsas məzmuna keç

Qəzəl

Kim aydır kim, üzün gülnara bənzər?

İmadəddin Nəsimi

1

Kim aydır kim, üzün gülnara bənzər? Ki, üzün nurəvü gül nara bənzər.

Yanağın cənnətin xəndan gülüdür, Vəli anın fəraqı xara bənzər.

Süzülmüş gözlərin sağü səlamət, Vəleykin baxışı bimara bənzər.

Saçın buyu Məsihanın dəmidir, Kim aydır nafeyi-tatara bənzər?

Nə gündür, yarəb, ey dilbər, camalın Ki, axşamı anın ənvara bənzər.

Sana bənzər cahanda kimsə yoxdur, Məgər huri kim, ol bir para bənzər.

Saçın əsrarını zahid nə bilsin Ki, təsbihi anın zünnara bənzər.

Əgərçi qaşlarındır fitnə başı, Hərami gözlərin əyyara bənzər.

Fəqih adəmdən ürkər, səcdə qılmaz, Bu divin xilqəti əmmara bənzər.

Gəl ey sufi vü tərk eylə bu sehri Ki, Musanın əsası mara bənzər.

Günəş bənzər dedim, şol aya, heyhat, Qaçan şol maha hər səyyarə bənzər?

Məhəbbət möhkəm işdir, qafil olma, Bu karı sanma ki, hər kara bənzər.

Səfasız sufi daim qayğuludur, Bu mə’nidən ki, butimara bənzər.

Nəsimi küntə kənzin gövhəridir, Hədisi lö’löi-şəhvara bənzər.

Lüğət: Bimar – Xəstə; Ənvar – Nurlar; Əsrar – Sirlər; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Əyyar – Zirək, hiyləgər; Şol – O; Kənz – Xəzinə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.