Əsas məzmuna keç

Qəzəl

Kənari-bəhri Xəzər, fəsli-tab, ləzzəti var

Məhəmmədəli Şəfai

2

Kənari-bəhri Xəzər, fəsli-tab, ləzzəti var, Xüsusən olsa büsati-kəbab, ləzzəti var.

Təmiz qum üstü, söyüd kölgəsi, dəniz nəfəsi, Bərcəstə dalğaları ağ hübab, ləzzəti var.

Bu bəzmi-işrəti şərh etsə musiqi nə olur, Çalınsa tar, kamança, rübab, ləzzəti var.

Oxunsa nəğməi-beynəlmiləl fəsahət ilə, Edərsə hər kəsi bihuşü-tab, ləzzəti var.

Çimib dənizdə gözəllər hamı gümüş-əndam, Gələrsə rəqsə, onun bihesab, ləzzəti var.

Tökülsə gül üzə müşkü əbir tək tellər, Səpilsə məclisə ətrü-gülab, ləzzəti var.

Vurulsa bir-birə sülh eşqinə piyaləvü cam, Məhəbbət ilə içilsə şərab, ləzzəti var.

Quculsa incə kəmərlər, öpülsə qönçə dodaq, Məzaq əhli olur kamiyab, ləzzəti var.

Xitami-bəzmdə hər kəs sevimli yarı ilə, Qucaqlaşıb edələr, dadlı xab, ləzzəti var.

Müvafiq olsa Şəfai rəfiqi-məhrəmi-raz, Yazılsa söhbətimiz bir kitab, ləzzəti var.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.