Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus!
Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus! Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!
Riyazi-izzü şərafətdə bir gül açmışdı, Qopardı ol gülü gülçini-ruzigar, əfsus!
O gül ki, qibtə edərdi ona behişti-çəmən, Tutubdu indi yer altında o qərar, əfsus!
O gülbədən ki, ipək köynək incidərdi onu, Olubdur indi o, torpaqla xakisar, əfsus!
Sən Allah, ey qara torpaq, onu əziz saxla! Odur mənim gözümün nuru, ey məzar, əfsus!
O Təzə ay hələ bədr olmamış tamamü kamal, Batırdı ol ayı bu çərxi-ruzigar, əfsus!
O pak olan uca göylərdə bürcü-Xurşiddən Parıldadı uca bir ulduz, oldu tar, əfsus!
Lüğət: Gülçin – güldərən H; Xakisar – torpaq kimi