Əsas məzmuna keç

Qəzəl

Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana

Məhəmməd Füzuli

1

Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana, Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.

Eymənəm səngi-məlamətdən kim, alıb çevrəmi, Oldu zənciri-cünun bir qəl’əyi-ahən mana.

Ondanam rüsva ki, seylabi-sirişkim çak edər, Zəxmi-tiğin qanı geydirdikcə pirahən mana.

Dəmbədəm şəm’i-cəmalından münəvvər olmasa, Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana.

Hiç məskəndə qərarım yoxdurur ol zövqdən Kim, qaçan xaki-səri-kuyin ola məskən mana.

Başda bir sərvi-sənubər vəslinin sevdası var, Sud qılmaz bağiban, nəzzareyi-gülşən mana.

Ey Füzuli: odlara yansın büsati-səltənət! Yeydir ondan, Həq bilir, bir guşeyi-gülxən mana.

Lüğət: Kargər – işləyən, işlək; Xədəng – ox; Kəsrət – çoxluq; Peykan – ox; Səng – daş; Cünun – dəlilik, divanəlik; Seylab – sel; Sirişk – göz yaşı; Zəxm – yara; Pirahən – köynək; Sud – fayda, qazanc

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.