İstərəm tövbə edim cami-zülal içməkdən
İstərəm tövbə edim cami-zülal içməkdən, Yoxdur, ey məh nə edim, vəqtü məcal, içməkdən.
Gecə-gündüz yıxılıb meykədələr küncündə Daima məstü-xərabəm bu misal, içməkdən.
Qəmi-hicranıva hüşyar ikən olmaz dözmək, Aldadır qoy məni ümmidi-vüsal, içməkdən.
Gün camalın mənə yalnız görünür sağərdə, Odur əl çəkmərəm, ey qaşı hilal, içməkdən.
Eyləmə bunca məlamət, deyiləm qal əhli, İnciməz kimsə, nigarım, belə hal, içməkdən.
Mən ki, qan içməyirəm, sən kimi zalim deyiləm, Nə gəlir boynuma təqsir həlal, içməkdən.
Badeyi-eşq ilə məst olmuşuq əvvəldən biz, Fikrimizdə yox olub qalü məqal, içməkdən.
Çatdı öz məqsədinə eşqi sevən aşiqlər, Qalan avvara qalıb cami-cidal, içməkdən.
Badə iç, tövbəyi-əzm etmə, Şəfai, yoxdur, Sülh aşiqlərinə hiç zəval, içməkdən.