İsm özü bir ismdir, amma müsəmma müxtəlif
İsm özü bir ismdir, amma müsəmma müxtəlif, Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.
İxtilafi-rəy ilə hər kimsə bir məna verib, Ləfz özü bir ləfzdir, amma ki, məna müxtəlif.
Aləmi-pirü cavan oldu müqəyyəd rəng ilə, Ol səbəbdəndir olub, ey dust, əsma müxtəlif.
Bəhri-vəhdət mövc edib, tişrə dağıldı qətrələr, Oldular ol qətrələrdən dürri-lala müxtəlif.
Vəhdətə eylə nəzər kim, çizi-vahiddir haman, Gərçi surətdə olub Fironü Musa müxtəlif.
Nur – eyni-nardır, həm nar – eyni-nurdur, Duzəxü cənnət olub surətdə, cana, müxtəlif.
Hüsnü eşqü aşiqü məşuq birdir, ey könül, Seyyida, hərgiz degil aləmdə əşya müxtəlif.