İntizarım həddən ötdü, gülüzarım gəlmədi
İntizarım həddən ötdü, gülüzarım gəlmədi, Sünbülüm, sərvim, gülüm, bağım, baharım gəlmədi.
İntizar ilə gözüm yollarda qaldı, ey xuda, Ol gözüm nuri, üzü xurşidvarım gəlmədi.
Rişteyi-ömrüm yanar suz ilə nari-firqətə, Ey könül, od tut ki, şəmi-şami-tarım gəlmədi.
Eylədin axır məni, ey çərx, Yusifdən cüda, Misri-könlüm təxtinə ol tacidarım gəlmədi.
Guytək qaldı bu meydan içrə sərgərdan başım, Əldə çovkən, ərsəyə ol şəhsüvarım, gəlmədi.
Vermədi badi-səba müjdə qübari-məqdəmin, Seyyida, dərmani-çeşmi-əşkbarım gəlmədi.