Iki aləmdəsən sultani-mütləq
İki aləmdəsən sultani-mütləq, Fətəhna şə’ninə gəldi mühəqqəq.
Camalın vəzzüha, vəlleyl zülfün, Sənin vəsfindürür ayati-müğləq.
Sənin zikrin oxurlar hər səhərgah Təzərvü bülbülü qumru mütəbbəq.
Sana taha vü yasin oldu münzəl, Qəmər oldu camalından müşəqqəq.
Sənin eşqin məni məndən alıbdır, Salıbdır bəhrinə manəndi-zövrəq.
Bəqa oldum, fənadan fani oldum, Bəqadan içmişəm cami-mürəvvəq.
Əzəldən içmişəm cami-səqahüm, Anınçün söylərəm hər dəm ənəlhəq.
Olur hər gündə hey hər kim olubdur Sənin vəsfindürür ayati müğləq.
Nəsimiyə əzəldən cür’ə sundun, Anınçün zülhəyat oldu mühəqqəq.
______________________Milli Kitabxana_______________________
Lüğət: Müğləq – Aydın olmayan; Zikr – Xatırlama, söyləmə; Münzəl – Nazil olmuş, göndərilmiş; Qəmər – Ay; Manəndi – cəllad – Cəllad kimi; Bəqa – Baqilik; Cami – müsəffa – Saf şərab