Əsas məzmuna keç

Qəzəl

Hüsnünə sübhanəhü kim ki, şəhid olmadı

İmadəddin Nəsimi

1

Hüsnünə sübhanəhü kim ki, şəhid olmadı, Talevü bəxti anın bil ki, səid olmadı.

Sidq ilə hər kimsə kim, tutmadı eşqin yolun, Salikü abid degil, şeyxi-rəşid olmadı.

Həmdü sipas eylərəm hüsnünə, ey bibədəl, Hüsnünə həmd eyləyən qeyrə həmid olmadı.

Surəti-rəhmanı bil, tanı anın ərşini, Bilməyən ol surəti, ərşi-məcid olmadı.

Üzünə, ey nuri-həq, səcdə qılan ta əbəd, Adı mələkdir anın, divi-pəlid olmadı.

Səltənətin zövqünü arifə sor kim bilir, Ismi məlik, əbdüküm eşqə əbid olmadı.

Kəşfü kəramətinə mənzələti-övliya, Bulmiyəsər, hər kim ol eşqə mürid olmadı.

Hər gecəsi, hər günü qədr ilə bayram olur, Vəslinə hər kim qərib oldu, bəid olmadı.

Nəhnü qəsəmnada həq hər nə ki, qism eylədi, Zərrəcə ol qisminə nəqsü məzid olmadı.

Gərçi saçın vəslidir zilli-mədid, ey günəş, Zahidə şol cənnətin zilli mədid olmadı.

Uğramadı hüsnünün atəşi şol cana kim, Şol günəşin tabına cismi qədid olmadı.

İnnə-əzabin-şədid ayəti hicran imiş, Şiddəti-hicran qaçan sə’bü şədid olmadı?

Sən ki, həqdən özünü ayrı sanırsan, məgər Səndə üsul ayəti həbli-vərid olmadı?

Kim ki, Nəsimi kimi vahidü fərd olmadı, Vahidi-mütləq degil, zati-vəhid olmadı.

Lüğət: Səid – Xoşbəxt; Salik – Düz yolla gedən; Bibədəl – Əvəzsiz; Məlik – Padşah; Bəid – Uzaq; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.