Əsas məzmuna keç

Qəzəl

Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir

İmadəddin Nəsimi

1

Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir, Üzün cahan içində bimislü bibədəldir.

Eşqin əsası, ey can, qabil degil zavala, Neçin ki, mülki-hüsnün mülki-bilaxələldir.

Ey hikmətin rəisi, mə’lulü illəti qoy, Əvvəl bu cövhəri bil kim, məbdəi-iləldir.

Cənnətdə gərçi həqdən balü mey oldu və’də, Lə’lin gərək mana kim, həm meyü həm əsəldir.

Ey badeyi-səqahüm lə’li-ləbin şərabı, Ikrah edən bu meydən içdigi əkşi xəldir.

Mehrin odunda şol kim, pak olmadıvü xalis, Qəlbi qəşidir anın, üzü qara zəğəldir.

Ey səndən ayrı könlüm, vəhşi iki cahanda, Eynin əcəb qəzalə, hüsnün əcəb qəzəldir.

Can ilə həm cahanı tərh etməyən bu yolda, Dünyavü axirətdə bielmü biəməldir.

Sən canü cümlə aləm işbah imiş məsəldə: Cansız bədən dirilməz, gör kim, bu nə məsəldir.

Ənbərfəşan saçınla şol günü bulmuşam ki, Aləmdə adı anın la-ibtida əzəldir.

Çün aləmin Nəsimi qurtuldu kəsrətindən, Vəhdət kimi bəqası bimüddəti-əcəldir.

Lüğət: Ənvar – Nurlar; Ləmyəzəl – Əbədi, ölməz; Bibədəl – Əvəzsiz; İllət – Səbəb, xəstəlik; Əsəl – Bal; Şol – O; İşbah – Oxşarlar; Bəqa – Baqilik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.