Əsas məzmuna keç

Qəzəl

Hüsnün təala şanəhü sün’ində heyran olmuşam

İmadəddin Nəsimi

1

Hüsnün təala şanəhü sün’ində heyran olmuşam, Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam.

Badi-səbadan sünbülün kim, ayə düşmüş sayəsi, Aşüftə gördüm, ey sənəm, andan pərişan olmuşam.

Abi-həyatın zövqünü mən ta ki, sordum ləblərin, Içirmiş ol meydən mana, mən abi-heyvan olmuşam.

Simin əlin dəstan ilə ta könlümü seyd eylədi, Hər dilə düşmüşdür adım, aləmdə dəstan olmuşam.

Çün əhsəni-təqvim idi, əqlim mana insan dedi, Ol canların məhbubu gör, bil kim, nə insan olmuşam.

Kə’bə üzündür canıma, eşq ilə məscudam ana, Ey zülfü kafir, gör necə gerçək müsəlman olmuşam.

Bəndə Nəsimi görəli nuri-xuda üzündə mən Indi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.

Lüğət: Sər – Baş; Sayə – Kölgə; Aşüftə – Dağınıq, həyəcanlı; Seyd – Ov

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.