Əsas məzmuna keç

Qəzəl

Hüsndə Yusifə düşməz edə canan ilə bəhs

Seyid Əzim Şirvani

1

Hüsndə Yusifə düşməz edə canan ilə bəhs, Ey əzizim, nə rəva qul edə sultan ilə bəhs.

Səcdə qıl yarə, könül, baxma o zahid sözünə, Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs.

Dəhənin nöqtə bilib əhli-dəqayiq o məhin, Bunda söz çox, nə edim bir neçə nadan ilə bəhs.

Payi-cananə fəda qılmaq üçün vəsl günü, Sibqət etməkdə edər xəstə könül can ilə bəhs.

Sünbülün halı pərişan görünür, yoxsa edib Ol üzü qarə bu geysuyi-pərişan ilə bəhs.

Hüccəti-qatei yox, qönçə, vəli, ağzın açıb, Bilməm eylər dəhəni-yarə nə bürhan ilə bəhs.

Şeri-möcüz əsəri-Seyyid ilə bəhs qılan, Elədir kim, eləyə ayeyi-quran ilə bəhs.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.