Hicran edibdi könlümü bərbad, ağlaram
Hicran edibdi könlümü bərbad, ağlaram, Çoxlar tutar bu halıma irad, ağlaram.
Könlüm evi xərabtər oldu fəraqdən, Vəslin bu mülkü etmədi abad, ağlaram.
Dami-fərəqdə ki, çox ilhahü-ləbələr Etdim, nə sud, etmədi azad, ağlaram.
Nə hicri-yarə taqətü halım vəfa edər, Nə vəslə çatmaz əl, edibən dad, ağlaram.
Çəkdikcə cövri-hicrini könlüm fərəh tapar, Şadam bu əmrə, bəs niyə naşad ağlaram?
Kuyində məhrəm etdi rəqibi səfa ilə, Qəhr ilə etmədi məni həm yad, ağlaram.
Hicrində xoşdur ağlamaq ahü fəğan ilə, Səs verməsə bu naləvü fəryad, ağlaram.
Çün Natəvani-zari-zəifəm fəraqdan, Bu gündə yar etməsə imdad, ağlaram.
Lüğət: İlhah – yalvarış; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz