Əsas məzmuna keç

Qəzəl

Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə

Məhəmməd Füzuli

1

Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə, Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!

Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid, Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə!

Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında, Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!

Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid, Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!

Sənin nazın görəndə əql qalmaz həsbətən lillah, Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!

Yolunda intizari-məqdəminlə xak olan çoxdur, Xüram et bir qədəm, min xakisari sərfəraz eylə!

Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən, Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə!

Lüğət: Xaşak – çör-çöp; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Lövh – lövhə, səhifə. M; Mənzur – nəzərə alınmış, baxılmış; Raz – sirr, gizli olan şey

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.