Əsas məzmuna keç

Qəzəl

Hərçənd xubrudə bu adətdi, naz olur

Seyid Əzim Şirvani

1

Hərçənd xubrudə bu adətdi, naz olur, Səntək, vəleyk, naz qılan yar az olur.

Ol sərvi sərfəraz elədim əşkim ilə mən, Əğyar, sayəsində vəli sərfəraz olur.

Adət budur ki, dəhrdə görməz visali-yar. Hər aşiqi ki, pakinəzər, pakbaz olur,

Görməz həqiqi aşiq olan vəsli-yarını, Bəzmi-visal qisməti-əhli-məcaz olur.

Könlü gərəkdi qönçə kimi qan ola müdam, Kim ki, dəhani-yarı sorub, əhli-raz olur.

Fəqrü fənayə talib olan dövlət istəməz, Bu kimiyanı hasil edən biniyaz olur.

Qoymaz kəbutəri-dili-üşşaqdə qərar, Hər yerdə kim, gözün kimi bir şahbaz olur.

Xurşid edər tülu, yetər şəb nihayətə, Bağlar sitarə çeşmi-həsəd, sübh baz olur.

Seyyid, şikayət eyləmə hicrani-yardən, Bir gün olur ki, lütfi-xuda çarəsaz olur.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.