Əsas məzmuna keç

Qəzəl

Hərami gözlərin yəğmaya düşmüş

İmadəddin Nəsimi

1

Hərami gözlərin yəğmaya düşmüş, Zəhi-cadu, nə xoş sevdaya düşmüş?

Nədən düşmüş müənbər zülfünə tab, Məgər şol vəch ilə kim, aya düşmüş?

Görün bu sünbülü hindusifət kim, Necə xurşid ilə həmsayə düşmüş.

Əyağından saçın başın götürməz, Cinanı gör nə ali paya düşmüş.

Çəmən sərvini anma, tubidən keç Ki, könlüm şol qədi-balaya düşmüş.

Meyü şahid bu gün, şəksiz, haramdır Ana kim, qüsseyi-fərdaya düşmüş.

Gözümdə inci dişlərin xəyalın Görən aydır, göhər dəryaya düşmüş.

Nə fəttansan ki, cümlə səndən ötrü Cahan ucdan-uca qovğaya düşmüş.

Ənəlhəq çağırır çəngü dəfü ney, Yalançı laila-illaya düşmüş.

Qərar etməz könül zülfündən ayrı, Bu sərgərdan uzun sevdaya düşmüş.

Yanaq üzrə saçın tavusa bənzər Ki, seyri cənnətül-mə’vaya düşmüş.

Nə şirin nöqtədir kim, ol qələmdən, Damub şol lə’li-ruhəfzaya düşmüş.

Nəsimi oldu qurban qaşın üçün, Zəhi qurban, qaşıntək yaya düşmüş.

Lüğət: Yəğma – Qarət; Zəhi – Afərin; Sevda – 1. Öd. 2. Məhəbbət; Şol – O; Xurşid – Günəş; Bala – Hündür, uca; Şahid – Gözəl, sevimli; Fərda – Sabah

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.