Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana
Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana, Qanda olsam bir bəla həqdən müqəddərdir mana.
Ol xəmi-əbruyə qılsam səcdə hər saət, nola, Qiblə ilə ol xəmi-əbru bərabərdir mana.
Qəm degil, cismimdə gər səngi-məlamət zəxmi var, Şəhneyi-bazari-sevdayəm, bu zivərdir mana.
Gözdə xunaludə peykanın xəyalilə xoşam, Hər biri, guya ki, bir bərgi-güli-tərdir mana.
Zəxmlərdən min ağız açdı ədayi-şükrə kim, Hər oxun bir ne’məti-qeyri-mükərrərdir mana.
Əql irşadilə bulmaq kam mümkündür, vəli Dami-rah ola həlqeyi-zülfi-müənbərdir mana.
Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana.
Ey Füzuli, mənzili-məqsudə yetsəm, nə əcəb, Xidməti-piri-müğan irşadı rəhbərdir mana.
Lüğət: Mənzur – nəzərə alınmış, baxılmış; Səng – daş; Zəxm – yara; Zivər – bəzək; Peykan – ox; Bərg – yarpaq; Kam – arzu; damaq, ağız; Rah – şərab, çaxır; yol; İrşad – yol göstərmək, rəhbərlik etmək