Əsas məzmuna keç

Qəzəl

Hər səhər vaxtında kim, bülbül fəğanın başlar

İmadəddin Nəsimi

1

Hər səhər vaxtında kim, bülbül fəğanın başlar, Ahım artar şöylə kim, axar gözümdən yaşlar.

Gör necə fəryad edər biçarə bülbül dərd ilən Kim, anın fəryadına əfğana gəldi daşlar.

Hər firiştəsurətin yanında yüz min div olur, Xanda kim, qəllaş olursa, çox olur qulmaşlar.

Barəkəllah, dəsti-qüdrət töhfə yazmış nəqşini, Afərin şol nəqşə kim, aciz qalır nəqqaşlar.

Bilməzəm zülfünmüdür hər tarəsini dam edən, Yoxsa cana qəsd edən gözünmüdür, ya qaşlar.

Könlümün şişəsinə pərri məgəs dəgsə sınar, Ey həbibim, bəs nədəndir sən atarsan daşlar?

Xanda kim, Leyli olursa anda bir Məcnun olur, Xanda kim, bir gənc açılsa, anda itər başlar.

Tərki-can qıldı Nəsimi, keçdi bu başdan dəxi, Xanda qaldı ata-ana, qövm ilə qardaşlar?

______________________Milli Kitabxana_______________________

Lüğət: Qəllaş – Fırıldaqçı; Şol – O; Dam – Tələ; Məgəs – Milçək; Arı; Həbib – Dost, sevgili; Leyl – Gecə; Gənc – Xəzinə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.