Əsas məzmuna keç

Qəzəl

Hər kimə kim, səncələyin bir pərivəş yar ola

Şah İsmayıl Xətai

1

Hər kimə kim, səncələyin bir pərivəş yar ola, Əqlü huşü xanimanından dəxi avar ola.

Başinə hər kimsənin düşsə saçın sevdaləri, Tərk edüb dünyanı ömründən dəxi bizar ola.

Sən kimi aləmdə olmaz, gər olarsa, dilbəra, Bu gözü cadusifət, həm qaşları məkkar ola.

Dərdü ğəm gəldikcə səndən şad olurmən, dilbəra, Görüm, onları mənim könlümdə bərxurdar ola.

Qıla dönmüşdür vücudim möhnəti-cövrin çəkə, Sağ gəzən düşmənlərin bu bəndə tək bimar ola.

Həmdəmin daim rəqib olmuşdur, ey gül yüzlü yar, Xanda bir gül bitsə, lazımdır yanında xar ola.

Eşqinə hər kim giriftar oldu, ey kafir necə, Şeyx Sən’an tək belinə bağlayan zünnar ola.

Vəsl ilən şad eylə, qurtar dərdü qəmlərdən məni, Dərdi hicranın çəkən ki, bu dili-əfkar ola.

Varmıdır bir kimsə, yarəb, əhli-üşşaq içrə yar, Bu Xətayi xəstə dil tək aşiqi-didar ola.

Ey bəndə, gər cəhanda pənahın ilah ola, Kəmtər qulun məqamı sənin padişah ola.

Aşiq odur ki, də’vi edərsə sözinə, Qanlı yaşilə çöhreyi-zərdi güvah ola.

Mehrabi var o zahidin, amma ki, aşiqə Mə’şuqinin əyağı izi qibləgah ola.

Bədxahim ola cümlə cəhan, çəkməzəm məlal, Çün ol sənəm mənimlən əgər nikxah ola.

Başdan ayəğə bəndə Xətayi xətaludur, Zahid, xaçan ki, xubları sevmək günah ola.

Lüğət: Bərxurdar – faydalanmaq; Cövr – zülm; Bimar – xəstə; Giriftar – tutulmuş; Vəsl – qovuşmaq; Dili – şeyda – vurğun ürək, sevən könül; Əfkar – yaralı; Dil – ürək; Didar – görüş, üz; Kəmtər – lap az, azacıq, etibarsız; Güvah – şahid; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Xublar – gözəllər

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.