Əsas məzmuna keç

Qəzəl

Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla

İmadəddin Nəsimi

1

Həqqi bilən bilir bu gün eşqi hədisi-pürbəla, Nəhvlə sərfi neylər ol, oldu şəhidi-Kərbəla.

Məntiq ilə məaniyi çox oxuma, bu gün yenə Gəldi, gətirdi bigüman müdhəti-eşqi-həl-əta.

Rahəti-ruhi-canmısan, yoxsa pəri bu şəkl ilə Kim, dünü gün oxur bu can surəti-lövhi-rəbbəna.

Qıldı nəzər bu canıma ol şəhi-layəzali-həyy, Həyyi-qədimi-künfəkan gör ki, nədir bu gün sana.

Ol əzəli həbibi gör, ləmyəzəli təbibi gör, Qıl canını fəda ana, gör bu süfatı basəfa.

Şirü şərabı ol verər canına bir nigah ilə, Şirü şərabı içə gör, demə ki, ağudur mana.

Şəhd isə düşmənin əli, alma sunarsa ol balı, İçmə əlində şəhdi sən, ol ki, xətadurur, xəta.

Möhnəti-eşqi-yar ilə gərçi çəkişsə can bu gün, Günü budur, keçirməgil sən dünü günü pürbəla.

Çəkdi qəmin Nəsimiyi surət ilə məaniyə, Can ilə kuşiş eylədi, buldu bu eşqdə səfa.

______________________Milli Kitabxana_______________________

Lüğət: Pürbəla – Bəlalı; Layəzal – Ölməz, əbədi; Künfəkan – Kainat; Həbib – Dost, sevgili; Ləmyəzəl – Əbədi, ölməz; Nigah – Baxış; Şəhd – Bal; Məani – Mə’nalar; Kuşiş – Səy, çalışmaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.