Əsas məzmuna keç

Qəzəl

Həq ta ki, yar oldu mənə, sər ta qədəm yar olmuşam

İmadəddin Nəsimi

1

Həq ta ki, yar oldu mənə, sər ta qədəm yar olmuşam, Ta görmüşəm didarını, müştaqi-didar olmuşam.

Anəstünarən sirrini Musa nə bilsin, ya şəcər, Anı mana sorsun ki, mən ol nur ilə nar olmuşam.

Zikrim ənəlhəqdir mənim, həq sözlərim həqdir mənim, Darın içində qeyrəna həm leysə-fiddar olmuşam.

Arif qatında mədhü zəmm bir əsl imiş, sən arif ol, Gör kim, necə hər natiqin dilində göftar olmuşam.

Mail-ənəbdəndir əgər hər sərxoşun sərxoşluğu, Mən içmişəm eşqin meyin, sərməstü xumar olmuşam.

Xüldün güli-xəndanıdır gülgün yanağın, ey günəş, Bülbül kimi məstəm, anın eşqindən uş zar omluşam.

Gülşən kimi açılmışam buyi-gülündən arizin, Gör kim, camalından necə fərxəndə gülzar olmuşam.

Mişkin saçından bulmuşam şol buyi-canəfzayı kim, Teybindən anın sanasan teyyibü əttar olmuşam.

Şirin dodağın vəsfini ta söylər oldu məntiqim, Ey Misri-hüsnün Yusifi, qəndü şəkərbar olmuşam.

Yarəb, nə fəttan ay imiş tabəndə üzün bədri kim, Ənvari-tabından anın ta bəndə ənvar olmuşam.

Sevda meyindən sərxoşam məstanə eynintək, vəli, Qəflət meyindən taibəm, niçün ki, huşyar olmuşam.

______________________Milli Kitabxana_______________________

Zülfü rüxün əsrarını ta həq mana kəşf eylədi, Üzündəyəm gənci-xəfi, zülfündə bərdar olmuşam.

Sərvi-güləndamın kimi aləmdə azadam, vəli Zənciri-zülfin qeydinə möhkəm giriftar olmuşam.

Lö’löi-nabın vəsfini ta söylər oldu məntiqim, Səm’ində hər siminbərin lö’löi-şəhvar olmuşam.

Buldu Nəsimi ta səni zatında, şəksiz-şübhəsiz, Olmuş Nəsimidən bəri, yə’ni ki, bizar olmuşam.

______________________Milli Kitabxana_______________________

Lüğət: Sər – Baş; Didar – Görüş; Müştaq – Həvəskar; Şəcər – Ağac; Nur – İşıq; Nar – Od; Zikr – Xatırlama, söyləmə; Xüld – Əbədiyyət, ölməzlik; Ariz – Üz; Fərxəndə – Xoşbəxt; Şol – O; Tabəndə – Parıldayan; Bədri – müəmməm – Əmmaməli ay; Ənvar – Nurlar; Sevda – 1. Öd, 2. Məhəbbət; Əsrar – Sirlər; Gənc – Xəzinə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.