Həllinə hər müşkülün səy eyləsən imkan olur
Həllinə hər müşkülün səy eyləsən imkan olur, Əhli-təmkin ol, darıxma, hər çətin asan olur.
Yüz məşəqqət çəksə bülbül qış zamanı, qış günü, Tez gəlir bir gün ki, səhralar baharistan olur.
Nəğmələr icad edib cəh-cəhli bülbüllər oxur, Gül açar, gülşən gülər, tər qönçələr xəndan olur.
Bu məhəbbət aləmində rəsmi-adət beylədir, Hər fəraqə bir vüsal, hər vəslə bir hicran olur.
Düşdü karım müşkülə hicründə canan çarə qıl, Olsa bu dərdə vüsalünlə fəqət dərman olur.
Qıl təhəmmül müşkülün asan üçün hər müşkülə, Yoxsa ey qəmdidə könlüm, yarə qəlbün qan olur.
Dəhri-dunun bu Şəfai daimi qanunudur, Hər çətin asan olur, amma çətin asan olur.