Hasilim yox səri-kuyində bəladən qeyri
Hasilim yox səri-kuyində bəladən qeyri, Qərəzim yox rəhi-eşqində fənadən qeyri.
Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver, Oda yanmış quru cismimdə həvadən qeyri.
Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sirişk! Ki, gözüm görməyə ol mahliqadən qeyri.
Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə Kimsə yox cizginə, girdabi-bəladən qeyri.
Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadən qeyri.
Pozma, ey mövc, gözüm yaşı hübabın ki, bu seyl Qoymadı hiç imarət bu binadən qeyri.
Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim, Nə təməttö bulunur neydə sədadən qeyri?
Lüğət: Bəzm – qonaqlıq, kef məclisi; Sirişk – göz yaşı; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük