Hanı o mah ilə mən işrət etdigim gecələr
Hanı o mah ilə mən işrət etdigim gecələr, Tülui-sübhə kimi söhbət etdigim gecələr.
Gedəndə yar, durub naz ilə kənarından Alıb ələ ətəgin, minnət etdigim gecələr.
Düşəndə xatirimə göglərə çıxar ahım, O mahparə ilə xəlvət etdigim gecələr.
Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb, Təvafi-kuyi üçün niyyət etdigim gecələr.
Gəlib nihani dəri-yarə, üz qoyub xakə, Qübarın öpməgə ol cürət etdigim gecələr.
Düşərmi bir də ələ, ey xudayi-həyyü əhəd, O sərvqamət ilə ülfət etdigim gecələr.
Deyəndə yar mənə dərd, mən deyərdim can, Məzaqə təlx sözün şərbət etdigim gecələr.
Mükərrər eyləyib ol acı sözlərin, Seyyid, Özüm-özümə dönüb ləzzət etdigim gecələr.