Əsas məzmuna keç

Qəzəl

Hanı bir kəs ki, yetirsin mənə canan xəbərin

Seyid Əzim Şirvani

1

Hanı bir kəs ki, yetirsin mənə canan xəbərin, Söyləsin bülbül üçün bağü gülüstan xəbərin.

Ey səba, ey sənə bu ruhi-rəvanım qurban, Qümriyi-zarə gətir sərvi-xuraman xəbərin.

Zülməti-qəmdə Skəndər kimi qaldım heyran, Yetir ey Xızr, mənə çeşmeyi-heyvan xəbərin.

Ey kəbutər, aparıb nameyi-dərdi-dilimi, Həm məni-zarə gətir ol məhi-taban xəbərin.

Hanı bir qasidi-Fərrüxsiyərü İsadəm – Ki, yetirsin təni-biruhumuza can xəbərin.

Cani-şirin mənə təlx oldu qəmi-hicrandan, Vermədi kimsənə ol xosrovi-xuban xəbərin.

Seyyida, canımı nəzr etmişəm ol qasidə kim, Verə mən aşiqi-dilxəstəyə canan xəbərin.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.