Əsas məzmuna keç

Qəzəl

Halımı bil, ey səba, etməgə cananə ərz

Seyid Əzim Şirvani

1

Halımı bil, ey səba, etməgə cananə ərz. Bülbüli-bidil qəmin eylə gülüstanə ərz.

Zülfü-xəyalı məni qıldı pərişan, səba, Eylə bu əhvalı ol zülfi-pərişanə ərz.

Şanəyə ərz etmişəm çaki-dərunum, vəli Eyləyə bilməz gedib kakilüvə şanə ərz.

Cənnəti-kuyində bir adəm idim mən, vəli, İndi görüb zillətim, qıl o pəri şanə ərz.

Bijəni-könlüm qalıb çahi-bəladə əsir, Eylə bu halı səba, Rüstəmi-dəstanə ərz.

Qoy məni ərz eyləyim ol gülümə halımı, Etsə gəda, eybi yox, halını sultanə ərz.

Kimsənədən olmadı dərdinə, Seyyid, əlac, Eyləmə hər nakəsə haluvi əfsanə ərz.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.