Gülgun rüxün gülü, səməni şərmisar edər
Gülgun rüxün gülü, səməni şərmisar edər, Üzün xəyalı gözlərimi laləzar edər.
Mah üzrə zülfünü gecə dağıtma kim, məni Aşüftə ruzigarü pərişanü zar edər.
Əğyar əlindən ah edərəm hər nəfəs, vəli Cövrü həmişə aşiqi-miskinə yar edər.
Zülfün nə damü qəmzə, nə oxdur ki, gözlərin Aşiqləri həmişə anınla şikar edər.
Zülfündə kim ki, görmədi hüsnün qiyamətin, Bilməz saçın hesabını, ayruq şümar edər.
Mə’nidə gərçi can ləbi-lə’lin meyin içər, Hüsnün şərabıdır ki, məni biqərar edər.
Gəlgil ki, şəm’ə nari-fəraqın hərarəti Kar eyləməz bu rəsmə ki, canımda kar edər.
Ey Çin nigarü nəqşinə heyranü məst olan, Gəl şol nigarı gör ki, nə nəqşü nigar edər.
Ey aşiqin həyatıvü ömrü saçı anın, Cansızdır ol ki, adını mişki-tatar edər.
Ey dünyanın meyindən ulaşan xumarına, Eşqin şərabın istə ki, dəf’i-xumar edər.
Vəsfində hər qaçan ki, Nəsimi açar ağız, Cövhər ləbindən axarü gövhər nisar edər.
Lüğət: Aşüftə – Dağınıq, həyəcanlı; Ayruq – Ayrı B; Şümar – Say T; Kar – İş; Şol – O