Gül qönçəlikdə gərçi olur xarə aşina
Gül qönçəlikdə gərçi olur xarə aşina, Açsa niqabını olur əğyarə aşina.
Biganələrlə çünki olur aşina, könül, Kaş olmayaydım ol güli-bixarə aşina.
Guya başında bir güli-alın həvası var, Bülbül səbəbsiz olmadı gülzarə aşina.
Tökdü, dağıtdı arizə zülfi-siyahını, Etdi zəmanədə günümü qarə aşina.
Gördüm rəqibə mail olan iltifatını, Sandım rəqib kim, olacaq yarə aşina.
Cənnət həramım olsun əgər şəkvə eyləsəm, Öz xahişimlə yaxsa məni narə aşina.
Lakin rəqib pəndin alıb, Seyyida, mənim Etdi dili-həzinimi sədparə aşina.