Gül o gülüzlü gülümdür güli-rəna nəçidir
Gül o gülüzlü gülümdür güli-rəna nəçidir? Şahidi-eşq mənəm, bülbüli-şeyda nəçidir?
Nərgiz ol didəi-şəhlaləridir sevgilimin, Bağü gülşəndə açan nərgizi-şəhla nəçidir?
Demə yarın ləbini ləl, dəhanın qönçə, Ləlü yaqut nədir, qönçəi-həmra nəçidir?
Zülfünün hər teli bir Leylidir ol məhvəşin, Qeys məşuqəsi əfsanəi-Leyla nəçidir?
Mənəm eşqin dəli divanəsi, kimdir Məcnun, Mən olan yerdə o sərgəştəi-səhra nəçidir?
Şəmi rüxsarına yarın məni-yanmaqda görən, Dedi, pərvanə nədir, şəmi şəb-ara nəçidir?
Məst edər aşiqi, məşuqu Şəfai, qəzəlin, Mey nədir, badə nədir, sağəri-səhba nəçidir?