Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır, Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Vücudum şəhrini qıldı müsəxxər ləmyəzəl eşqin, Bu şəhristanda eşq olsun məlik daim ki, xaqandır.
Qaşınla kirpigin vəhyi mana gəldivü bildirdi Ki, sənsən ərş ilə kürsü, üzün yazısı Qur’andır.
Gəl, ey hurisifət dilbər ki, qəmdən bağrımın içi Səba ol qönçəyə bənzər kim, ağzı dopdulu qandır.
Ənəllahın odundan kim, yanağın şəm’i yandırdı, Ləbi-lə’lindən afaqı həyatın abına qandır.
Rüxün şəm’i fəraqından könül pərvanətək yandı, Ulaşdır vəslə hicranı, həsudun bağrını yandır.
Sana huri əgər bir gəz qılırsa hüsnünü ərzə, Rüxün bədrin əyan eylə, üzündən anı utandır.
Camalın vəslinə canım susadı, yürəgim yandı, Könül hicrindən usandı, məni hicrindən usandır.
Xəyalın gərçi şad eylər məni hər gah, gah amma, Fəraqın qüssəsin gör kim, necə bihəddü payandır.
Fərağından axan yaşım məni qərq eylədi suya, Gözümdən yaşımı gör kim, nə seyl axır, nə tufandır.
Nəsimidən cüda yarı qılan həqdən cüda olsun Ki, yarından cüda yarı qılan bidinü imandır.
Lüğət: Müsəxxər – Fateh; Ləmyəzəl – Əbədi, ölməz; Məlik – Padşah; Həsud – Həsəd edən; Gəz – Uzunluq ölçüsü; Dəfə; Bədri – müəmməm – Əmmaməli ay; Payan – Son; Cüda – Ayrı; Yarın – Səhər