Əsas məzmuna keç

Qəzəl

Gözəlim, bunca mənə etmə cəfa, gəl barışaq

Məhəmmədəli Şəfai

4

Gözəlim, bunca mənə etmə cəfa, gəl barışaq, Küslü olsaq da əgər, eylə vəfa gəl barışaq.

Sevgilimsən, kəsilib səbrü qərarım, sənsiz, Dura bilməm daha ey məhliğa, gəl barışaq.

Sən gözümdən, gözəlim, mən də üzündən, öpüşək, Bir-birindən alayım zövqü səfa, gəl barışaq.

Çəkim ağuşa səni, sən də məni bağrıva bas, Gül dodaqlar yapışa gül dodağa, gəl barışaq.

Rəhm qıl bülbülə ey gül, bu qədər naz eləmə, Dərdməndəm, elə bu dərdə dəva, gəl barışaq.

Can deyək, can eşidək, sevgili bir canan tək, Canım olsun sənə, yüz dəfə fəda, gəl barışaq.

Sülh dövranıdır indi, işi islaha çalış, Ol Şəfai kimi bu sülhü riza, gəl barışaq.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.