Göz xətindən mərdümin məhv etmədən bulmaz murad
Göz xətindən mərdümin məhv etmədən bulmaz murad, Zaye eylər hüsnünü xəttin səvad üzrə səvad.
Ola bilməz çini-zülfündən cüda göz mərdümi, Cari olmuşdur bu adət, türrəsiz olmaz midad.
Könlün ahimdən tərəhhüm surətin göstərdi, leyk Mövcdən su nəqşinə çox etmək olmaz e’timad.
Əşkü ahim nifrəti qət’ etdi eldən ülfətim, Çizginən devrəmdə ya girdabdır, ya girdibad.
Keçdi təndən oxların, tənha qalıb dil, dəmbədəm Nalələr eylər, keçən həmdəmlərin etdikcə yad.
Çaki-sinəmdən könül çıxdıqca şad olsam nola, Oylə afətdən yaxasın qurtaran olmazmı şad?
Şiveyi-şümşad qəddin görsə, eylər bağiban E’tidali-sərvdən, əlbəttə, səlbi-e’tiqad.
Qoyma naqis əhli-dərd içrə Füzulini, təbib, Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad.
Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Türrə – saçın qıvrımı; Midad – qələm; Tərəhhüm – rəhm etmək