Görəli ol məh yüzün başıma yüz sevda düşər
Görəli ol məh yüzün başıma yüz sevda düşər, Rüxlərin manəndi ancaq bir güli-həmra düşər.
Ey könül, əql əhli isən sevmə xublar yüzüni, Xubların dərdinə ancaq bu dili-şeyda düşər.
Ey sənəm, xublar içində sən düşübsən sərfəraz, Eylə kim, bağ içrə rə’na sərvi-xoş bala düşər.
Heyf ola çeşmini, cana, nərgizə nisbət qılım, Xansı nərgiz gözlərin tək məstü həm şəhla düşər?
Necə olmasun Xətayi eşq ilən divanə kim, Könlünə hər dəm sənin tək bir pəri sima düşər.
Lüğət: Məh – ay; Manənd – bənzər, tay; Həmra – qırmızı, al; Xublar – gözəllər; Dili – şeyda – vurğun ürək, sevən könül; Şeyda – vurğun; Bala – yüksək, yuxarı; Çeşm – göz