Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu
Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu, Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.
Sanmanız qanlı dügün, sinə dəlüb, baş çəkmiş, Şö’leyi-atəşi-ahi-dili-suzandır bu.
Kəsmə ümmid, könül, başına cizginməkdən, Ola nagəh düşə fürsət ələ, dövrandır bu.
Dəmbədəm canımı, ey dərdü bəla, incitmin! Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.
Nə yaqırsan oxun, ey atəşi-dil, vəsl günü, Bizə hicran gecəsi şəm’i-şəbistandır bu.
Könül istər ala bir bu səri-zülfündən, leyk, Vermədən can dilər almaq, sanır asandır bu.
Dün demişsən ki, Füzuli mənə qurban olsun! Sənə qurban olayım, yenə nə ehsandır bu.
Lüğət: Sirişk – göz yaşı