Əsas məzmuna keç

Qəzəl

Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni

Seyid Əzim Şirvani

1

Gizlədirdim bir zaman bu çeşmi-rövşəndən səni, Gizlədir indi, nigarım, qeyrilər məndən səni.

Qoy xədəngi-möhnətin rövzənlər açsın sinədən, Dil görə, ey mahrüx, şayəd bu rövzəndən səni.

Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən, Fərq qılmaz bağban, ey sərv, gülşəndən səni.

Gərçi, nöh əflaki-kəcrov səxtdir, ey tiri-ah, Qorxma, pərran eylərəm suz ilə cövşəndən səni.

Sən dua eylə yetim, ey can, bu gün çananıma, Hiç qəm çəkmə qutarram məhbəsi-təndən səni.

Mən hara, həngameyi-vəslin hara, ey şəmi-hüsn, Od tutub pərvanətək yannam görəm gendən səni.

Seyyida, hər kimsənə bir mətləb istər dəhrdən, Mətləbim yox qeyrdən, mən istərəm səndən səni.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.